Bəstəkarlar

                                             

               Üzeyir Hacıbəyov


Üzeyir ƏbdülHüseyn oğlu Hacıbəyov 1885- ci ildə Şuşa yaxınlığında, Ağcabədidə anadan olmuşdur. Atası ədəbiyyat sahəsində, anası isə musiqi sahəsində yüksək mövqe tutmuşlar. Musiqiyə olan həvəsi anasından mənimsəmiş Ü. Hacıbəyov 7 yaşında ikən tarda və kamançada yaxşı çalırdı, muğamat oxuyurdu.

Ü. Hacıbəyov 1897- ci ildə Şuşada olan iki illik rus-tatar məktəbinə daxil olur. Həmin məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra 1899- cu ildə Qori müəllimlər seminariyasına daxil olur.Seminariyada təhsil aldığı müddətdə o, pedaqogika, rus dili, riyaziyyat, təbiət şünaslıq, rəsim və rəsimxətdən nümunəvi sınaq dərsləri aparmışdır. 1904-cü ildə seminariyanı bitirdikdən sonra Bakıya qayıdır və Hadrut kəndində müəllimlik edir.İbtidai siniflərdə dərs deməklə yanaşı o, şagirdlərdən ibarət xor kollekivi təşkil edir. Sonralar o, Bibi- Heybətdə “Səadət” məktəbində Azərbaycan və rus dillərindən, eləcədə nəğmə və hesabdan dərs deməklə məşğul olmuşdur.
1905-ci ildə Ü. Hacıbəyov “Filankəs” ləqəbi ilə “Həqiqət”, “İrşad”, “Tərəqqi” qəzetlərində çıxışlar edir, kiçik məqalə və felyetonlar vasitəsilə “Ordan-burdan” başlığı altında vacib məsələləri oxucuların nəzərinə çatdırırdı.
Ü.Hacıbəyov 1907-ci ildə opera yazmaq qərarına gəlir. Bu dövrə qədər hələ Azərbaycanda opera yazılmamışdır. Onun yaratdığı ilk “Leyli və Məcnun” operası Azərbaycan musiqi mədəniyyəti tarixində ilk opera olmuş və çox böyük müvəffəqiyyət qazanmışdır. Bəstəkər bu opera ilə Azərbaycanda opera sənətinin təməlini qoydu.
Dahi Azərbaycan şairi M.Füzulinin operası əsasında yazılmış bu opera “Nicat” cəmiyyətinin teatr bölməsinin opera artistləri tərəfindən tamaşaya qoymuşdu.
Ü. Hacıbəyov “Leyli və Məcnun” operasından sonra ardıcıl olaraq bir sıra operalar yazmışdır: “Şeyx Sənan” (1909). “Rüstəm və Söhrab” (1911), “Şah Abbas və Xurşudbanu ” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915). 
1911- ci ildə Ü.Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya gedir. Lakin maddi vəziyyəti çətin olduğundan təhsilini davam etdirə bilmir. Bakıya qayıdaraq yazdığı operaları səhnəyə qoymaqla məşğul olur. 
1913- cü ildə musiqi təhsilini davam etdirmək üçün bu dəfə Peterburuqda gedərək konservatoriyaya daxil olur. Bu dövürdə o, “Arşın mal alan” musiqili komediyasını yazır.
1914- cü ildə Bakıya qayıdan Ü. Hacıbəyov mətbuatda bir sıra məqalələrlə çıxışlar edir. Onun “Boşboğazlar”, “Məzəli işlərimiz”, “Müsəlmançılıq”, “O, heç”, “Küyçülük” felfetonları tənqidi nöqteyi nəzərdən qiymətlidir. 
1915- ci ildən etibarən Ü. Hacıbəyov “Yeni iqbal” qəzetinin redaktoru, 1906-cı ildən etibarən isə müdiri və baş redaktoru olmuşdur.
Ü. Hacıbəyov 1921-ci idə Bakıda “türk musiqi məktəbini” təşkil edir. Əvvəllər fəaliyyət göstərən xalq nonservatoriyası 1921- ci ildən etibarən artıq Azərbaycan Dövlət Konservatoriyası adlanır. 1926- cı ildən etibarən “türk musiqi məktəbini” Ü. Hacıbəyovun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının tərkibinə daxil olur və onun xalq musiqi şöbəsi adlanır. 1926- cı ildə Ü. Hacıbəyov əvvəl konservatoriyanın prorektoru, sonra isə ömrünün axırınadək rektoru vəzifəsinədə çalışmışdır. 
Ü.Hacıbəyov Azərbaycan milli folklorunu dərindən öyrənirdi. O, M. Moqomayev ilə birlikdə 1927 –ci ildə bir sıra Azərbaycan xalq mahnılarını toplamış, nato salmış və işləmişdir. Həmin dövrdə (1920- 1945 – ci illər ərzində ) Ü. Hacıbəyov “Azərbaycan xalq musiqisinin əsasları” adlı böyük əhəmiyyət kəsb edən elmi- tədqiqat əsərini yazır. 
Bəstəkar kütləvi mahnı janırında da öz istedadını nümayiş etdirirdi. Onun “Döyüşçülər marşı”, “Qara gözlər”, “Komsomolçu qız” mahnılarında milli kolorit öz əksini tapır. 
Ü.Hacıbəyov İran şairi Firdövsinin (934- 1020) anadan olmasının 1000 illiyi münasibətilə xor və sinfonik orkestr üçün kantata yazmışdır ki, bununla o, Azərbaycanda ilk kontata janrının əsasını qoymuşdu. 
1931 ci ildə Ü.Hacıbəyov Azərbaycanda ilk notlu xalq çalğı alətləri orkestrinin təşkil olunmasında yaxından iştirak etmişdir. Həmin orkestr üçün “Cahargah”, “Şur” fantaziyalarını yazmışdır. 1936- cı ildə bəstəkar Dövlət xor kollektivini yaradır. 
Ü.Hacıbəyovun 1932- ci ilədək yazdığı sinfonik orkestr üçün təntənəli marş, xor və orkestr üçün təntənəli himn, fortepiono, skrika və violençel üçün trio və bu kimi əsərlər demək olar ki, “Koroğlu” operasının yaranmasına bir növ hazırlıq idi. 
Ü.Hacıbəyov 1932-1936-cı illərdə “Koroğlu”operası üzərində işləyərək ilk Azərbaycan klassik opera növünü yaratmışdır. Operanın ilk tamaşası 1937-ci ildə (30/IV) olmuşdur və həddindən artıq böyük müvəffəqiyyətlər qazanmışdır. Opera həmçinin 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə müvəffəqiyyətlə tamaşaya qoyulmuş və paytaxt dinləyicilərinin rəğbətini qazanmışdır. “Koroğlu” operasında bəstəkar ilk dəfə olaraq milli musiqini Avropa klassik opera ənənələrilə birləşdirərək vahid bir əsər növünü yaratmağa müyəssər olmuşdur.
Musiqili komediya janrında bəstəkar “Ər və arvad”, “O olmasın, bu olsun” (1910), “Arşın mal alan” əsərlərini yazmışdır. Onun bu komediyalarında qadın azadlığı uğurunda olan mübarizə öz əksini tapmışdır.
1940-cı ildə Ü.Hacıbəyov Dövlət mükafatına laiq görülür.
1941-1945- ci ildə illərdə o, böyük Vətən müharibəsinə həsr olunmuş bir sıra əsərlər yazmışdır. Onun “Vətən uğrunda” mahnı silsiləsinə “Şəfəq bacısına”, “Ananın oğluna nəsihəti”, “Yaralı döyüşçünün heykayəsi”, “Döyüşçülər marşı” kimi mahnılar daxildir. Bəstəkar həmçinin solist, xor və sinfonik orkestr üçün “Vətən və cəbhə” kantatasını da ayrı yazmışdır.
Bu illərdə Ü.Hacıbəyov dahi Azərbaycan şairi Nizami Gəncəvinin (1141- 1209) anadan olmasının 800 illik yubleyi münasibətilə şairin sözlərinə “Sevgili canan ”, “Sənsiz” romanslarını yazmışdır. 
Bu dövrdə Ü.Hacıbəyovun yaradıcılığında yaranan yeni bir janr da diqqəti cəlb edir. Bu instrumental janra aid olan qəhrəmanı əhval- ruhiyyə daşıyan “Cəngi” idi. Marş ritmində olan bu rəqs sanki mübariz hərbiçilərin qüvvəsini səfərbər edir. 
Azərbaycan Respubilkasının dövlət himni Ü. Hacıbəyova məxsusdur. 
Ü. Hacıbəyov 1945- 1946 cı illərdə müasir mövzuda olan “Firuzə” operası üzərində işləməyə başlamışdır. Bu, bəstəkarın son operası idi. Lakin o, operanı tamamlamağa çatmır. Ü. Hacıbəyov xəstələnir və 1948- ci ildə Bakıda vəfat edir. 
Bəstəkarın fəaliyyəti yüksək qiymətləndirilmişdir. 1937-ci ildə Azərbaycan SSR-nin xalq artisti, bir il sonra SSR-nin xalq artisti adına laiq görülmüşdür. Onun ədəbi, elmi və musiqi irsi mətbuatda yüksək qiymətləndirilmişdir.
1945-ci ildə Ü. Hacıbəyov Azərbaycan Elimlər Akademiyasının həqiqi üzvi seçilmişdir. O, daima ictimai aparmış, mətbuatda çıxış etmişdir. Yazdığı məqalələrin əsas ideyası Azərbaycan musiqisinin inkişafı probleminə həsr olmuşdur. Azərbaycan professinal musiqinin banisi Ü. Hacıbəyov görkəmli bəstəkar, musiqiçi, ictimai xadim alim, gözəl publisist və pedaqoq olaraq Azərbaycan professional bəstəkarlıq məktəbinin yaranmasında da böyük rol oynamışdır. Musiqi üslubunun özünə məxsusluluğu, xaqlılıq, yüksək ideyalılıq və millilik. Ü.Hacıbəyov yaradıcılığının diqqəti cəlb edən xüsusiyyətlərindəndir.



                  Qara Qarayev

Q.Qarayevin adı Azərbaycan xalqı üçün daimi və əzizdir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada hər bir kəs bu dahi sənətkarın musiqi dühasının sehrinə düşməsin, onun “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərindən, “Leyli və Məcnun” simfonik poemasından xəbərsiz olsun. Q.Qarayev öz əsərləri ilə daim sevilən və insanı düşündürən sənətkardır, çünki o, həmişə doğma torpaqdan qüdrət almış, muğam, aşıq musiqisi, xalq nəğmələri kimi milli musiqimizin saf çeşməsindən su içmişdir.
Eyni zamanda Q.Qarayev bəşəri hörmət qazanmış sənətkardır. Çünki sənət yolunda yeni cığırlar açaraq, yalnız özünəməxsus üslub yaratmış bəstəkar təkcə öz xalqının deyil, həm də dünya musiqi tarixinin bütün dövrlərinin nailiyyətlərini mənimsəmiş, dünya musiqi mədəniyyəti xəzinəsini misilsiz əsərləri ilə zənginləşdirmişdir. 
Qudrətli bəstəkarın irsi son dərəcə geniş və zəngindir. Bunu onun müraciət etdiyi müxtəlif janr və rəngarəng mövzularda görmək olar. Demək olar ki, Q.Qarayev bütün janrlarda eyni coşqunluqla çalışmış, novatorluğu və bədii cəhətdən yüksək səviyyəsi ilə fərqlənən yeni əsərlər yaratmışdır. Bəstəkarın geniş şöhrət qazanmış və musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuş baletləri, simfonik poeması, simfoniyaları, kamera-instrumental əsərləri, kinofilm və teatr tamaşalarına yazılmış musiqisi bunu bir daha təsdiq edir.
Qeyd etdiyimiz kimi, bəstəkarın yaradıcılığı mövzu cəhətdən də çox zəngin və rəngarəng olmuşdur. Onu ən müxtəlif dövrün şair və yazıçılarının yaradıcılığı, xalq əfsanələri cəlb edirdi. Bura N.Gəncəvi, V.Şekspir, A.Puşkin, İ.Servantes, Ö.Xəyyam kimi dahi korifeylərin adları daxildir. İstər klassik Şərq, istər müasir məişət və istərsə də bir sıra dünya xalqlarının mövzularından bəstəkar eyni ilhamla və məharətlə istifadə edərək onları özünün təkrarolunmaz musiqisi ilə ölməzlik zirvəsinə qaldırmışdır.
Q.Qarayevin ən vacib mövzulara, kəskin həyati konfliktlərə həsr olunan yüksək idealları, insan mənəviyyatının zənginliyini və gözəlliyini tərənnüm edən baletləri həqiqi insanpərvərlik ruhu ilə doludur. İncə, lirik hisslərlə yazıb-yaradan sənətkar heyranedici ustalıqla öz qəhrəmanlarının daxili aləminə nüfuz edir. Bəstəkarın baletləri Azərbaycan balet sənətinin inkişafında əhəmiyyətli və keyfiyyət etibarı ilə yeni bir mərhələ sayılır. Sənətkar öz əsərlərində rəqslərin əyləndirici ünsürlərə malik olması təsəvvürlərinə tamamilə üstün gəlmiş, realist musiqili — xoreoqrafik dram yaratmışdır.
Q.Qarayevin “Yeddi gözəl” baletində klassik irsə müraciət edilmişdir. O, keçmiş və qədim bir əfsanə vasitəsi ilə öz xalqının gözəl mənəvi xüsusiyyətlərini və azad surətdə sevib-sevilmək arzularını tərənnüm etmişsə, “İldırımlı yollarla” baletində müasir dövrün olduqca mühüm bir mövzüsunu- irqi ayrı-seçkilik və müstəmləkə xalqlarının azadlıq uğrunda mübarizə mövzusunu təcəssüm etdirmişdir.
Bəstəkarın musiqili səhnə əsərləri içərisində onun C.Hacıyevlə birlikdə yazdığı və milli opera sənətini zənginləşdirən “Vətən” operasını da xüsusi qeyd etmək lazımdır. Böyük vətənpərvərlik ruhu ilə yazılmış “Vətən” operası öz ideyası ilə bu günlərlə səsləşərək, vətənpərvərliyi tərənnüm edir, Azərbaycan gənclərinə vətənə böyük sədaqət hisslərini aşılayır. Heç təsadüfi deyil ki, 28 yaşlı sənətkar bu operaya görə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
Azərbaycan simfonik və kamera-instrumental musiqisinin inkişafında ən mühüm səhifələrdən biri Q.Qarayevin adı ilə bağlıdır. Onun bu janrda yazdığı əsərləri bütün dünyanı gəzərək ən müxtəlif ölkələrin simfonik orkestrləri tərəfindən ifa olunur. İllər boyu simfonik musiqinin müxtəlif janrları üzərində işləyən Q.Qarayev mühüm yaradıcılıq prinsiplərinə daim sadiq qalmışdır. Bəstəkar, simfoniya, poema və süitalarında muğamlardan, xalq mahnı və rəqslərindən, aşıq yaradıcılığından ustalıqla yararlanmışdır. Bununla yanaşı, rus, türk, ispan və başqa xalqların musiqisnin bir sıra xüsusiyyətlərindən istifadə etmişdir.
Q.Qarayevin yaradıcılığında onun istedadını eyni dərəcədə parlaq və maraqlı sürətdə xarakterizə edən daha bir musiqi sahəsi vardır. Bu, kamera-instrumental musiqidir. Azərbaycan musiqisi üçun bu sahə olduqca yeni idi. Məhz buna görədir ki, Q.Qarayevin instrumental-kamera əsərləri xüsusi ilə diqqətəlayiqdir.Gənc bəstəkarın Puşkin şeirinin gözəlliyinə valeh olduğu və “Tsarskoye selo” heykəlinin — sındırdığı su qabına kədərlə əyilmiş qızın poetik obrazını musiqi vasitəsi ilə əks etdirdiyi vaxtdan uzun illər keçsə də, fortepiano üçün yazılmış əsər bu vaxta qədər radio verilişlərində və konsertlərdə səslənir.
Bəstəkarın bütün yaradıcılığı boyu müraciət etdiyi və yalnız doğma xalqının poetik folklorunu deyil, həmçinin digər xalqların da lirik şeirlərini əhatə etdiyi vokal əsərləri onun yaradıcılıq qüdrəti və əzəmətini çox gözəl təcəssüm etdirir. Bəstəkarın romansları, mahnıları bu janrda yazılmış ən gözəl sənət nümunələridir.
Kinonu öz xarakteri etibarı ilə “böyük müasir bəstəkarlıq məktəbi” adlandıran Q.Qarayev, kino musiqisi üzərində də çox məhsuldar işləmiş, klassikaya çevrilən əsl sənətkarlıq nümunələri yaratmışdır. “Leyli və Məcnun”, “Tarixin ibrət dərsi”, “Uzaq sahillərdə”, “Bir məhəlləli iki oğlan” və s. kinofilmlərə, “Nikbin faciə”, V.Şekspirin “Antonio və Kleopatra” dram tamaşalarına yazdığı musiqi onun yaradıcılığının parlaq səhifələrini təşkil edir.
Q.Qarayev istedadlı publisist kimi özünün musiqi-estetik görüşlərini də son dərəcə inandırıcı və sadə şəkildə ifadə edib. Müasir bəstəkarlıq yaradıcılığı üslubundakı tipik və xarakterik cəhətləri elmi dəlillərə əsaslanır. Bəstəkarın tutarlı fikirləri və uzaqgörənliyi, həmçinin Azərbaycan musiqisinə həsr olunmuş məruzə və məqalələrində də öz əksini tapmışdır.
Q.Qarayev yaradıcı kadrların tərbiyəsinə böyük əmək sərf etmişdir. 1946-cı ildən etibarən Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfini aparan Q.Qarayev onlarca bəstəkar yetişdirmiş, bütöv bir musiqi-yaradıcılıq məktəbi yaratmışdır. Arif Məlikov,Vasif Adıgözəlov, Adil Bəbirov və başqaları onun ənənələrini davam etdirmişlər.
İllər keçəcək, qərinələr dolanacaq, dahi Azərbaycan bəstəkarı Q.Qarayev musiqisinin zəngin xəzinəsi insanların ilham mənbəyi olaraq qalacaqdır. Onun özünə qarşı sonsuz tələbkarlığından doğan və bizə qoyub getdiyi irs dərinliyi və zənginliyinə görə tükənməzdir. Bizdən sonra gələcək nəsillər bu tükənməz xəzinədə özləri üçün hər dəfə yeni-yeni tapıntılar kəşf edəcəklər.

               Hacı Xanməmmədov

Görkəmli bəstəkar, Xalq artisti, professor Hacı Xanməmmədovun adı çəkiləndə ilk növbədə çoxsaylı könül oxşayan mahnılar yada düşür. “Qadan alım”, “Ceyran”, “Getmə, amandı”, “Niyə döndü” kimi onlarla nəğməni sevməyən tapılarmı? Həm də bu mahnılar tanınmış müğənnilərin ifasında qəlbimizi fəth edib… 

Hacı Dadaş oğlu Xanməmmədov 15 iyun 1918-ci ildə qədim Dərbənd şəhərində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra Bakıda orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 

Bir təsadüf nəticəsində Üzeyir Hacıbəyli ilə görüşən Hacı dahi bəstəkarın diqqətini çəkir. Bu vaxt Ü.Hacıbəyli “Koroğlu” operasını bitirmək üzrə idi. Əsər 1937-ci ildə akademik teatrda tamaşaya qoyulur. Bəstəkarın dəvəti ilə Hacı simfonik orkestrdə tar partiyasını ifa edir. 

1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə “Koroğlu” operasının tamaşasında iştirak edir. 1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında Xalq musiqisinin əsasları şöbəsi açılır və Üzeyir bəy H.Xanməmmədovu ora dəvət edir. Musiqi folklorunu dərindən mənimsəyən musiqiçi ilk mahnılarından artıq xalq musiqisindən, muğam çalarlarından bacarıqla istifadə edir. 

Onun ilk sanballı əsəri tar və simfonik orkestr üçün yazdığı “Bir nömrəli konsert”i bəstəkarın yaradıcılıq yolunun əsas istiqamətini müəyyən edir. H.Xanməmmədov II Dünya müharibəsi illərində vətənpərvərlik ruhlu əsərlər bəstələyir. “Yürüş marşı”, “Qəhrəmani” bu mövzuda yazdığı maraqlı musiqi əsərləridir. O, sonra təhsilini Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq şöbəsində davam etdirir. Əvvəlcə professor Boris Zeydmanın, sonra isə Qara Qarayevin sinfində oxuyur. Hələ tələbə ikən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dirijor kimi fəaliyyət göstərir. 

Sonralar bir neçə qədim musiqi alətimizi orkestrə gətirir. Mütəxəssislər xalq çalğı alətləri üçün spesifik xüsusiyyətlərə malik bitkin əsərlərin yazılmasını, yeni janrların meydana çıxmasını H.Xanməmmədovun adı ilə bağlayırlar. Onun simfoniyettaları, simfoniyaları, süitaları əlvan və zərif ritmləri, zəngin melodiyaları ilə diqqət çəkir. Hiss və duyğular bəstəkarı Aşıq Ələsgər və Mikayıl Müşfiq yaradıcılığına daha çox müraciət edib, rəngarəng mahnıları və şən melodiyaları repertuardan düşməyib. Qəlbaçan, könül oxşayan mahnılarını korifey sənətkarlarımızdan Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Rübabə Muradova, Nəzakət Məmmədova və başqaları böyük şövqlə ifa ediblər. 


         

                Fikrət Əmirov

Əsası dahi Üzeyir bəy tərəfindən qoyulmuş Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri də Fikrət Əmirovdur (1922-1984). O, milli və professional musiqimizin böyük dayağıdır desək, yanılmarıq. Çünki Fikrət Əmirov yaradıcılığı milli köklər zəminində inkişaf edib. Gəlin, əvvəlcə bəstəkarın həyat və yaradıcılıq yoluna nəzər salaq. 
Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə məşhur musiqiçi Məşədi Cəmil Əmirovun ailəsində dünyaya gəlib. Fikrət Əmirovun milli musiqini mənimsəməsində onun böyüyüb, boya-başa çatdığı mühitin müstəsna rolu olub. Çünki onun böyük musiqiçi kimi yetişməsində fitri istedadı ilə bərabər atası Məşədi Cəmilin böyük təsiri olmuşdu. Musiqimizin beşiyi sayılan Şuşada doğulan, dövrünün məşhur tarzəni kimi tanınan Məşədi Cəmil İstanbulda professional musiqi sənətinə yiyələnmiş, bir sıra musiqi alətlərində ifa etməyi öyrənmişdi. İstanbuldan qayıtdıqdan sonra Gəncədə yaşamağa başlayıb. 1912-ci ildə «Heyratı» muğamını nota yazaraq «Şəhbalı» jurnalında çap etdirən ustad həmçinin Riqa şəhərindəki «Qrammofon» şirkətində bir sıra muğam və xalq mahnılarını vala yazdırmışdı. Bəstəkarlığa da meyl göstərən sənətkar 1915-ci ildə «Seyfəl-Mülk» adlı opera yazaraq tamaşaya hazırlamışdı. 1923-cü ildə Gəncədə ilk musiqi məktəbinin (hazırda F.Əmirov adına 1 saylı musiqi məktəbi) yaradıcısı da Məşədi Cəmil olub. O, məktəbə direktor təyin ediləndən sonra Üzeyir Hacıbəylinin iştirakı ilə tədris ocağının təntənəli açılışı olub. Üzeyir bəy musiqi məktəbinin tədris planlarının hazırlanması, məktəbə Moskvadan, Kiyevdən, Sankt-Peterburq ali musiqi təhsili olan müəllimlərin dəvət edilməsində Məşədi Cəmil Əmirova yaxından köməklik göstərib. Böyük sənət eşqi ilə direktor kimi işə başlayan sənətkar bəstəkarlıq fəaliyyətini də davam etdirib. 1923-cü ildə bəstəkarın «Namuslu qız» operettası Gəncədə tamaşaya qoyulub. İlk tamaşada Ü.Hacıbəyli şəxsən iştirak edib. Məşədi Cəmil 1928-ci ildə dünyasını dəyişib.

Belə bir mühitdə böyüyən Fikrət Əmirov öz yaradıcılığında atasının sənət ideyalarını davam etdirib. Eyni zamanda, o, böyük sənət yoluna atasının yaxın dostu, dahi Üzeyir bəyin xeyir-duası ilə qədəm qoyub. Üzeyir bəy Gəncədə musiqi həyatının inkişafına mühüm töhfələr verib. 1939-cu il aprel ayının 15-də (Gəncə Dövlət Arxiv sənədi 241 saylı fond) Gəncədə Dövlət Filarmoniyasının açılışı məhz Üzeyir bəyin xidməti idi.
Yeri gəlmişkən, Fikrət Əmirov da gənc bir tarzən kimi Gəncədə Dövlət Filarmoniyasının ilk solistlərindən olub. Ondan başqa Zərif Qayıbov, Məmməd Bağırov, Həsən Həsənli, Firudin Əliyev və digərlərinin də adını çəkə bilərik. Bu istedadların hər birini Üzeyir bəy sənət yoluna istiqamətləndirmiş və onlara uğurlar arzulamışdı. Onların içərisində Fikrət Əmirovun yeri vardı.
Bakıya gələrək Dövlət Konservatoriyasına daxil olan Fikrət Əmirov böyük bəstəkar və pedaqoqun qayğısını hər zaman üzərində hiss edib. Bu barədə Fikrət Əmirovun «Musiqi düşüncələri» kitabında maraqlı bir xatirəsi də var.
O yazır: «1938-ci ildə Bülbül anam Dürdanə xanımı Bakıda görüb tapşırmışdı ki, Fikrəti göndər, gəlsin Konservatoriyada oxusun. Bülbülün dediyi kimi də oldu. Mən Bakıya gəldim. Konservatoriyada kiçik bir yoxlamadan sonra Bülbül məni Üzeyir bəyin kabinetinə apardı və dedi: «Üzeyir bəy Məşədi Cəmilin oğludur. Bəstəkar olmaq istəyir. Üzeyir bəy elə o andaca məni çox istiqanlıqla, böyük məhəbbətlə və əsil ata qayğısı ilə qarşılayıb, əsərlərimi dinlədi. İlk yazdıqlarıma müsbət rəy bildirərək “hə, sən əsl bəstəkar olacaqsan” dedi. O gündən də məndən öz diqqət və qayğısını əsirgəmədi».
Beləliklə, Fikrət Əmirov Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfinə daxil olur. Burada B.Zeydmondan bəstəkarlıq, Ü.Hacıbəylidən isə Azərbaycan xalq musiqisinin əsasları fənni üzrə dərs alır. 1948-ci ildə bu təhsil ocağını bitirərək geniş yaradıcılıq yoluna qədəm qoyur.
Fikrət Əmirov musiqinin demək olar ki, bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaratdı. Dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır. Bəstəkarın bu janrda ilk əsəri 1949-cu ildə yazdığı «Şur» simfonik muğamıdır. Sonralar o, bu janrda «Kürd-ovşarı» və «Gülüstan-Bayatı-Şiraz» simfonik muğamlarını da yaratdı. Bu əsərlər Fikrət Əmirov yaradıcılığının xüsusi mərhələsidir. O, şifahi ənənəli klassik musiqi janrı olan muğam dəsgahlarına müraciət edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcı təxəyyülü ilə zənginləşdirib, orkestr boyalarının əlvanlığına nail olub. Simfonik muğam janrında Fikrət Əmirov iki klassik musiqi janrını muğamı və simfoniyanı üzvü-surətdə qovuşdura bilib. Odur ki, simfonik muğam janrında muğama və simfoniyaya xas olan forma, quruluş, inkişaflı süjet xətti və s. cəhətlər öz əksini tapır. Məhz buna görə də bəstəkarın simfonik muğamları dünyanın müxtəlif ölkələrində səslənib, Niyazi, G.Rojdestreenski, Stokovski, Abendrot və başqa məhşur dirijorlar bu əsərlərin interpretatoru olub. Bu gün də bəstəkarın simfonik muğamları dünya simfonizminin ən gözəl nümunələri kimi daim ifaçıların diqqətini cəlb edir. Bu əsərlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir.
Onu da qeyd etməliyik ki, Fikrət Əmirovun yaratdığı bu janr digər bəstəkarlar üçün də bir mənbə oldu. Belə ki, ondan sonra Niyazi «Rast», S.Ələsgərov «Bayatı-Şiraz», V.Adıgözəlov «Segah», T.Bakıxanov «Humayun»,«Nəva» və s.simfonik muğamlar yazıblar.
Ümumiyyətlə, bəstəkarın özünəməxsus musiqi dili olduğuna görə onun simfonizmi çox möhtəşəmdir. Bunun da əsas səbəbi bəstəkarın milli musiqini dərindən bilməsi və onu Qərb musiqi alətlərinin dilinə çevirmək bacarığından irəli gəlir. Bu cəhətlər Fikrət Əmirovun bütün əsərlərində sanki qırmızı xətlə keçir.
Bəstəkarın böyük istedad və yüksək professionallıqla qələmə aldığı əsərlərdən bir neçəsinin adını çəkək. «Sevil» operası, «Ürəkçalanlar», «Gözün aydın» musiqili komediyaları, «Nəsimi» dastanı, «Min bir gecə», «Nizami» baletləri, «Azərbaycan süitası», «Simfonik rəqslər», «Azərbaycan qravürləri», fortepiano üçün «12 miniatür» uşaq pyesləri, skripka ilə fortepiano üçün «Muğam poema», «Sonata» müxtəlif şairlərin sözlərinə bəstələdiyi mahnılar, romanslar və digər əsərlərdə Fikrət Əmirov ecazkar sənət dünyasını yarada bilib. Bu sənət dünyasının əsas qayəsi onun ürəyindən süzülüb gələn gözəl melodiyalardır. Fikrət Əmirov yaradıcılığının əbədiyaşarlığı da həmin gözəl melodiyaların ustalıqla musiqi dilinə çevrilməsidir.

Fikrət Əmirov yalnız bəstəkarlığı ilə deyil, yüksək humanizmi və geniş ictimai fəaliyyəti ilə mədəniyyət tariximizdə dərin iz qoyub. Belə ki, o, Azərbaycan və SSRİ Bəstəkarlar İttifaqının katibi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olub. Bəstəkarın yaradıcılığında onun pedaqoji fəaliyyəti də geniş yer tutur. Fikrət Əmirovun tələbələri içərisində əməkdar müəllim, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, pedaqoji elmlər doktoru, professor, sevimli bəstəkarımız Oqtay Rəcəbovun adını xüsusi qeyd edə bilərik. Elə bu yerdə Oqtay müəllimdən kiçik bir xatırlama:
«Fikrət Əmirov dahi Üzeyir bəyin layiqli davamçısıdır. Onun Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz yeri var. Demək olar ki, özündən sonra gələn bütün bəstəkarlara o, bir örnəkdir. Mən bəstəkar olmağımda daim Fikrət müəllimə minnətdaram. Çünki o, məni qəlbən, ruhən, cismən, bir sözlə bütün varlığımla musiqiyə bağladı və özü də mənə bu sənətin sirlərini öyrətdi. Onunla bağlı o qədər xatirələrim var ki, onlar mənim üçün unudulmaz və əbədidir. Elə Fikrət Əmirovun özü kimi».
Fikrət Əmirov sənəti daim yüksək qiymətləndirilib. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb. Amma sənətkar üçün ən qiymətli olan amil xalq məhəbbətidir ki, o da heç vaxt Fikrət Əmirov yaradıcılığından əskik olmayıb. Çünki o daim xalq musiqisindən bəhrələnib. Bu mənada bəstəkarın çoxlu sayda xalq mahnıları və rəqsləri əsasında işləmələrini, bu nümunələrdən öz əsərlərində istifadə etməsini misal göstərə bilərik. Bir sözlə, Fikrət Əmirov xalq musiqimizə sadəcə bəstəkar kimi deyil, onun keşiyində duran və onu qoruyan, yaşadan bir sənətkar kimi yanaşıb.
Bu yerdə bəstəkarın musiqisini yazdığı kinofilmlərdən birinin adını xatırlayıram: «Böyük dayaq». Doğrudan da Fikrət Əmirov milli və professional musiqimizin böyük dayağıdır. Bu dayaq Fikrət Əmirovun ölməz musiqisidir ki, o, bütün nəsillərə örnək olacaq. İnsanları daim mənəvi saflığa və vətənpərvərliyə səsləyəcək.

Müəllif: Səadət Təhmirazqızı, musiqişünas 
Mənbə: Mədəniyyət qəzeti
        
                                  

Bu blogdaki popüler yayınlar

9 Noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür.

Azərbaycan haqqında maraqlı faktlar

Azərbaycan tarixi